top of page

 Teatr bəşəriyyətin kəşf etdiyi möcüzəsi və ən böyük bir varlığıdır. Dünyanın bütün sevinclərini insanların arzu və xəyallarını, xeyirin qələbəsini,şər işin, xəyanətin məğlub edilməsini səhnədə görmək, insanların qəhrəmanlığından ruhlanmaq tamaşaçılara həmişə xoş gəlir. Ümumiyyətlə teatrın vəzifəsi insanda özünə qarşı qürur hissi oyatmaqdan, onun həyatda ən yaxşı, ən mühüm, ən əziz, müqəddəs bir məxluq olmasını və ondan başqa diqqətə daha çox layiq bir şey olmadığını söyləməkdən ibarətdir.

Gəncə şəhərinin mərkəzinə yaxın, Gəncəçayın sağ sahilində, Gəncə Dövlət Dram teatrının və Gəncə Dövlət Filarmoniyasının yaxınlığında yerləşən,kənardan görünüşü ilə hər kəsi özünə cəlb edən bir tarixi memarlıq abidəsi var.Hər daşında bir sirr yatan bu tarixi abidəni 1986-cı ildə fidan körpələrin ixtiyarına verdilər.Yenidən qurulan bu bina uşaqların həmişə sevə-sevə gəldiyi,nağıl qəhrəmanları ilə görüşdüyü, inanılmaz sənət məbədi olan Gəncə Dövlət  Kukla Teatrıdı.Hətta bu teatra “Uşaqların Dünyası” deyənlər də var.Bu kiçik “Uşaq Dünyası”nda yorulmadan çalışanlar maraqlı və nəcib işləri ilə uşaqlara mübarizliyi,qəhrəmanlığı,mərdliyi,vətənə-əməyə sevgini,dostluğa sədaqəti,böyüklərə hörməti aşılayırlar. Körpələrdə estetik fikrin formalaşmasında zəhməti çoxdu bu teatrın. 

Gəncədə fəaliyyət göstərən xüsusilə balaca tamaşaçıların hər zaman sevə - sevə tamaşalarına baxdıqları teatrlardan biridi Gəncə Dövlət Kukla Teatrı.Əsası Hilal Həsənov tərəfindən qoyulan teatr 1986 – cı ilə qədər “Simurq” xalq teatrı kimi fəaliyyət göstərib.1986 – cı ilin noyabr ayında Dövlət teatrı statusu alıb.  Kukla Teatrını tamaşasız və tamaşaçısız təsəvvür etmək qeyrı mümkündür. Bəlkə də fidan körpələrin teatr haqqında təsəvvürləri məhz bu teatrın tamaşalarına baxdıqdan  sonra yaranır. Ağbirçək nənələrindən eşitdikləri nağılların səhnə variantını onlar burada görürlər. Şəngülümü, Şüngülümü yeyən ac canavara qarşı ana keçinin mübarizliyini, analığın paxıllığı üzündən ayağı bağlı təndirdə gizlədilən göyçək Fatmanın  azad olmasını, hər gecə cənnət almasını oğurlayan Divə Məlikməmmədin  qalib gəlməsini, balaca Cırtdanın dostlarını ağılın gücü ilə acgöz Divin əlindən xilas etməsəni fidan körpələr burada görüb, burada seviblər.

                 Gəncə Dövlət Kukla Teatrının bu gün çox zəngin repertuarı var. Yüzdən artıq əsərə burada səhnə həyatı verilib. Azərbaycan yazarları ilə bərabər Dünya klassiklərinin əsərlərinə də üstünlük verilir.N.Gəncəvinin “Xeyir və Şər”,H.X.Andersenun “Qar Kraliça”,”Düyməcik”, Y. Çepovedskinin “Qoca Kloun”, Zvininin “Taxta Kral”, Nina Kassionun “İki dəcəl şirciyəz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri”.C.Rodarinin “Çippolino”,A.S.Eqzüperinin “Balaca Şahzadə” və s. bu kimi tamaşalar buna canlı nümünədir.Gəncədə yaşayıb yaradan yazıçı və şairlər də öz əsərlərini fəxrlə bu teatra etibar edirlər. Məmməd Alimin “Noxudu keçəlin nağılı”, “Qınını bəyənməyən bağa”, “Kuklaların əvəzinə”, Aləmzər Əlizadənin “Günah torbası”, “Nəğmə qapısı”, “Şeytanın dostu”,”Toya gecikən tülkü”,Sahib İbrahimlinin “Səlim və Sehirbaz” kimi əsərlər ilk dəfə Gəncə Dövlət Kukla Teatrının səhnəsində oynanılıb.

            Hazırda bir tərbiyə məktəbi olaraq Gənvə Dövlət Kukla Teatrı bu missiyanı ləyaqətlə həyata keçirir. Pak və müqəddəs saydığımız, ürəkləri günəş nurundan da təmiz uşaqlarımızın romantik, əsrarəngiz aləmini dönə - dönə  nümayiş etdirir. Teatrın qastrol səfərlərində tez-tez görünməsi isə onun fəaliyyət dairəsindən xəbər verir. Yaradıcı kollektivin respublika daxili və xarici qastrol səfərlərinin miqyası ildən – ilə böyüyür.

1991-ci il – “Qızıl Dərviş” Bakı şəhəri Azərbaycan.

1994- cü il – “Şərq xalqları kukla teatrlarının festivalı” Alma-Ata Qazaxstan.

1996 – cı il – “Birinci Beynəlxalq Kukla teatrlarının festivalı” Kutaisi şəhəri Gürcüstan.

1999-2001-2003-cü illərdə - “4-5-6 –cı Kukla və kölgə oyunları festivalı” İzmir şəhəri Türkiyə.                                    2003 – cü il – “Ən yaxşı uşaq tamaşaları festivalı”  Bakı şəhəri Azərbaycan.

2004 – cü il – “10 – cu Beynəlxalq Bursa Qaragöz Kukla və kölgə oyunları festivalı” Bursa şəhəri Türkiyə.

2005 – ci il – “Sehirli pərdə uşaq tamaşaları festivalı” Torqovişte şəhəri Bolqarıstan.

2005 – ci il – “Milli klassiklər kukla teatrlarının səhnəsində” İvano – Frankovskiy şəhəri Ukrayna.

2008 – ci il – “Kukla teatrları həftəliyi” Bakı şəhəri Azərbaycan.

2009 – cu il – “Yeni teatr” festivalı Gəncə şəhəri Azərbaycan.

2009 – cu il – “İki azdır Üç çoxdur  18-ci Beynəlxalq kukla teatrları festivalı” Plovdiv şəhəri Bolqarıstan.

2010-cu il –“Kukla teatrlari həftəliyi” Qax Azərbaycan

2011-cu il – “Milli teatr festivalı” Bakı şəhəri

2018-ci il – “3-cü Şəki Beynəlxalq Teatr festivalı” çərçivəsində “Sərhədsiz teatr” festivalı Şəki Azərbaycan.

2019- “1-ci Lənkəran Beynəlxalq teatr festivalı” Lənkəran Azərbaycan.

2019- “7-Teatr Köyü festivalı” Amasiya Türkiyə.

Gəncə Dövlət Kukla Teatrının bu gün güclü aktyor ansamblı var. Xudayət Əsgərov (əməkdar artist), Səməd Xanəhmədov (Fəxri mədəniyyət işçisi),  Elmar Vəliyev (Fəxri mədəniyyət işşisi),Nahidə Namazova (Fəxri mədəniyyət işçisi),Yeganə Məmmədova,Mahirə Haqverdiyeva ,Nərmin Şərifova kimi sənətçilərin adlarını fəxrlə çəkmək olar. Kukla Teatrı bu gün yaradıcılığının ən qaynar dövrünü yaşayır.Teatrın quruluşçu rejissoru Şamil Məmmədli, baş rəssam Əntiqə Bədirova (Fəxri mədəniyyət işçisi), quruluşçu rəssam Sara Məmmədova çox yüksək yaradıcılıq potensialına malikdirlər.

                     Qarşıda balaca tamaşaçıları yeni tamaşalar, Gəncə Dövlət Kukla Teatrını isə yeni – yeni qastrollar, yeni – yeni yaradıcılıq uğurları gözləyir. Əhsən belə işgüzarlığa

  • Facebook Sosyal Simge
  • Instagram
  • YouTube

Ünvan: Əhməd Camil-105

Saytın hüquqları Gəncə Dövlət Kukla Teatrı tərəfindən qorunur

Gəncə.Azərbaycan

Telefon:(022) 267-16-10

bottom of page